Daxil ol

Qeydiyyat

Siz müvәffәqiyyәtlә qeydiyyatdan keçdiniz vә sizin GDG profayl yaradıldı.
Sistemә daxil olmaq üçün lazımi informasiya sizin qeydiyyat zamanı istifadә etdiyiniz elektron ünvana göndәrildi.

*
*
*
*
*
*
(*)-la işarәlәnmiş sahәlәr mütlәqdir.

Şifrәni unutmusunuz?

Öz email adresinizi daxil edin vә sizin şifrә poçt ünvanınıza gәlәcәk

Uğur qazanmağın sirrlәri vә ya addım-addım müvәffәqiyyәtә doğru (2-ci hissә)

Addım 1. Hәyatın qanunlarını mümkün qәdәr dәrk edәk: 
Keçmişdә insanların mobil telefonu yox idi vә onlar çox uzaqdakı adamla danışmağın mümkün olmadığına әmin idilәr. Lakin belә deyildi. Bir gün fәrqli düşünmәyә qәrar verәn insan telefonu kәşf etdi.
Uğurun sәbәbi – insanın fәrqli düşünmәsindәdir. O, qәbul olunmuş qanunlara yalnız mәlum olan qanunlar kimi baxmaq sәviyyәsindә inkişaf etmiş tәfәkkürә yetişәn zaman adi hәyata fәrqli yanaşmağı bacarır. Telefonu kәşf edәn alim öz dövrünün insanlarına nisbәtәn daha dәrindәn dәrketmә sәviyyәsinә çatmaqla buna nail oldu.
Başımızdakı fikirlәrin necә olmasından asılı olmayaraq onları bir kәnara qoyub, hәyatın, yәni hәqiqiqәtin bizim bildiyimiz vә ya tanıdığımız kimi olmadığını düşünmәliyik! Hәyat heç bizim dәrk etdiyimiz kimi dә deyil. Biz hәyatımızı gördüyümüz qәdәr dәrk edir vә dәrk etdiyimiz qәdәr dә görürük.  Demәli, uğurlu hәyat yaşamaq üçün әn azından daha çox görüb daha çox dәrk etmәli vә daha çox dәrk edib daha çox görmәliyik. İllәrcә әvvәl hәyat barәdә düşündüklәrimizin necә dәyişdiyinә vә әslindә “Mәn bunları başa düşmәmişәm”, “Gör necә sadәlövh olmuşam”, “Mәnim heç nәdәn xәbәrim yox imiş ki” vә s. kimi tәәssüflü etiraflarımızı yada salaq. Vә әvvәllәr dünyanı daha az dәrk etdiyimizә görә çoxlu sәhvlәr buraxdığımızı, vaxt itirdiyimizi düşünәk. Bizim itirdiklәrimizin çox böyük hissәsinin әsl sәbәbi hәyatı olduğu kimi dәrk edә bilmәmәyimizdә olmayıbmi?
Bu andan qazanmağa başlamaq üçün itirә bilәcәklәrimizin qarşısını almalıyıq ki, müvәffәqiyyәtә gedәn yola çıxaq. Demәli, öz dövrümüzdә hәyat haqqında mәlum olan bütün biliklәrә mümkün qәdәr yiyәlәnmәyә nail olmalıyıq ki, düzgün yolu seçә bilәk.
Atalar sözü kimi bizә gәlib çatan “Fikir işin yarısıdır” deyiminin mәnası da buradandır. Mәqsәdә çatmaq üçün nәyi vә necә etmәyi düzgün bilmәk üçün әvvәlcә düzgün fikirlәrmәk lazımdır. Fikirlәr insanı müvәffәqiyyәtә aparmırsa, müvәffәqiyyәt yolunda atılan bütün addımlar yanlış, uğursuz vә әn azından nәticәsiz olacaqdır. İlk növbәdә bizi müәvvәfәqiyyәtә aparan fikirlәri düşünmәyә başlamaq lazımdır.
Düzgün fikirlәr isә hәqiqәti daha çox dәrk edәn insan tәrәfindәn düşünülә bilәr. Demәli, dünyanı mümkün qәdәr dәrk etmәyә çalışmalı vә bizi müvәffәqiyyәtә aparan fikirlәrә sahib olmalıyıq.
Sual: Gәlәcәkdә insanın bir yerdәn yoxa çıxıb digәr uzaq bir yerdә ani şәkildә peyda olacağına inanırsınız? İnanmırsınızsa, növbәti bölümә keçmәyin. Bu fikir keçmiş insanlara verilәn “Çox uzaqdakı adamla canlı danışmağın mümkün olduğuna inanırsınızmı?” sualı ilә eyni deyilmi? Fikrimi tәsdiq edirsiniz? Amma tәrәddüdünüz var. Düşünürsünüz ki, doğrudur. Mәntiqә görә bu mümkün olmalıdır. Amma, bu necә ola bilәr axı? Başa düşürәm, amma ağlıma batmır…
Sәbәb – bunun necә ola bilәcәyinizi bilmәmәyinizdәdir. Әslindә, qoyulmuş suala şübhә etmirsiniz. Elәdirsә, demәli, dәrk edә bilmәdiyimizi qәbul etmәliyik. Әgәr yolumuz inkişafa doğrudursa, dәrketmә sәviyyәmiz yüksәldikcә, şübhәlәrimiz azalacaq vә müvәffәqiyyәt әldә edәrәk daha mükәmmәl yaşayacağıq.
İnsan bir şeyә nail olmağın mümkünlüyünә inandıqda, onda hәmin şeyi әldә etmәk üçün real istәk yaranır. Bu istәyini tәbiәtin cәlbetmә qanununa uyğun istiqamәtlәndirdikdә ona yönәlәn әks tәsir qüvvәsi onu öz mәqsәdinә doğru irәlilәdir. Üstәlik bu zaman cәlbetmә qüvvәsinin tәkan effekti dә yaranır. Çünki insan istәyinә doğru yaxınlaşdıqca onun daxilindә daha böyük enerji istehsal olunur, eyni zamanda әtraf mühitdә başqalarına nisbәtәn irәli çıxdıqca ona verilәn mәnәvi güc daha da artır. Belәliklә, inkişaf edәn adamın sürәti әvvәlki anda düzgün istiqamәtә yönәltdiyi enerjidәn qat-qat artıq olur
Digәr bir hәyati misal: İnsan әtraf alәmlә daim enerji mübadilәsindә olduğunu dәrk edib, özündәn ötürdüyü enerjinin istiqamәtini başqalarının istәklәrinә uyğun yönәltdikdә mübadilә nәticәsindә daha çox enerji alır. Mәs: müğәnni öz sәsi, davranışı, jestlәri vә rәqsi ilә tamaşaçılara müxtәlif tezlikli dalğalar şәklindә gәlib çatan enerji porsiyaları göndәrir. Tamaşaçıların daxilindә hәmin tezlikli dalğalara uyğun olan enerji aktivlәşir vә özünü xaricә әks etdirir: tamaşaçı qışqırır, әl çalır, rәqs edir vә s. formalarda öz coşqunluğunu vә mәmnunluğunu  ifadә edir. Nәticәdә hәmin müğәnniyә müsbәt enerji (müğәnninin buraxdığı tezliyә uyğun әks dalğalar) göndәrilmiş olur. Bu dalğalar kütlә tәrәfindәn gәldikdә müğәnninin enerjisini dәfәlәrlә artırır vә o, daha böyük mqvәffәqiyyәtlәrә imza ata bilir. Yәni, xalqın tәlәbatına uyğun tezliyә düşә bilәn müğәnni sevimli ulduza, onun mahnıları isә әsl “hit”ә çevrilir.
Burada uğurun açarı – dünyanı, o cümlәdәn insanı idarә edәn, ona müvәffәqiyyәt qazandıran qanunların dәrk olunmasındadır.
Addım 2. Әslindә nә istәdiyimizi aydınlaşdıraq:
Hәyatda çox az şey bildiyimizi vә etdiyimiz hәrәkәtlәrin vә ya seçdiyimiz yaşam tәrzinin heç dә hәqәqәtә uyğun vә ya yaxın olmaya bilәcәyini başa düşdük. Demәli, hәlә nә etmәk istәdiyimizi dә yaxşı bilmirik.
Uşaq valideyninә әlidәki oyuncağını göstәrir vә ona baxmağını istәdiyini bildirir. Lakin onun dәrrakәsi o dәrәcәdә inkişaf etmәdiyinә görә, әslindә, valideyninin ona diqqәt göstәrmәsini istәdiyini bilmir. Valideyn onun әsl istәyini başa düşmәyib sadәcә oyuncağa baxarsa, uşaq da aldanaraq bununla qane ola bilәr. Çünki, uşağın dәrrakәsi o dәrәcәdә inkişaf etmәyib ki, valideyninin onun diqqәt istәdiyini başa düşüb-düşmәdiyini seçә bilsin. Lakin uşaq böyüdükcә, ona әsl diqqәt ayrılmasını tәlәb etmәyә başlayır vә bunu birbaşa dilinә gәtirir, çünki o, artıq nә istәdiyini bilir. Valideynә dә uşağın hәqiqi istәyi aydın olur vә ona diqqәt göstәrdikdә uşaq mәmnun qalır. Demәli, dәrketmә yolu ilә insan istәyini aydınlaşdırır, sonra konkretlәşdirir vә daha sonra ifadә edәrәk ona nail olmağa çalışır.
Böyüklәrdә dә belәdir. Biz öz istәyimizi ifadә etsәk belә, әslindә başqa şeylәr istәdiyimiz barәdә çoxsaylı misallar gәtirmәk olar. Mәs: Mәn istәyirәm ki, oğlum olsun, çünki oğul – ailәnin dayağıdır. Demәli sәn, oğlunun varlığındandaha çox özunә dayaq istәyirsәn.
Mәn hәdiyyә vermәyi çox sevirәm. Mәn – әliaçıq adamam. Әslindә sәn –özünü onlardan yüksәk tutmaqla, eyni zamanda başqalarınının sәnә minnәtdar olmalarını istәyirsәn.
Başqa misal: Mәn ibadәt edirәm, başqalarına pislik etmirәm, çünki yuxarıda Allah var vә s. Sәn Allah tәrәfindәn cәzalandırılmaqdan qorunmaq istәyirsәn, üstәlik ölümündәn sonra cәnnәtdә “yaşamaq” arzusundasan.
Bu kimi misallarla, biz yanlış istәklәrә düşmәmәyi vә әsl istәklәrimizi –dünyanın qanunlarına uyğun olan istәklәrimizi müәyyәn etmәliyik ki, hәmin istәklәrә nail olduqda müvәffәqiyyәt qazanmış olaq.
İndi isә tәmiz bir vәrәq götürün vә hәyatdan әslindә nә istәdiklәrinizi yazın. Mәs: 1) İstәyirәm ki, hamı mәnә hörmәtlә yanaşsın; 2) Dünyanı gәzmәk istәyirәm; 3) Çoxlu pulum olsun vә kasıblara әl tutum;  4) 2 maşınım, Havay adalarında da villam olsun; 5) Dünya çempionu olum; 6) Sakit bir güşәdә bir komam, bir dә sevgilim olsun vә s…
Bu zaman özünüzә heç bir mәhdudiyyәt qoymayın. Ağlınıza gәlәn hәr bir fikri yazın. Sonra onların hansına çatmaq üçün “alışıb-yandığınızı” müәyyәn edin vә hәmin istәyinizә (yaxud istәklәrinizә) artıq çatmış olduğunuzu xәyalınıza gәtirin. Bunu davamlı şәkildә etsәniz, hәmin arzuya çatmaq istiqamәtindә sizi maqnit kimi çәkәn bir qüvvә hiss edәcәksiniz.
Bu qüvvә Sizin gündәlik hәrәkәtlәrinizә özünüz dә bilmәdәn istiqamәt verәrәk, Sizi arzuladığınız istiqamәtә uyğun hәrәkәtlәr etmәyә sövq edәcәk. Mәs: xaricdә tәhsil almaq arzusu ilә alışıb-yanan 22 yaşlı gәnc ona bu istiqamәtdә hәr hansı real şans yaranan anda әvvәldәn başında hәrlәnәn evlәnmәk planlarını asanlıqla tәxirә salıb öz arzusuna doğru seçim edәcәkdir.
Belәliklә, tәbiәtin cәlbetmә qanunu hәr an qüsursuz işlәyәrәk bizi öz istәyimizә dorğu aparır.
Hansı istәyi seçmәyimizdәn asılı olmayaraq biz doğru qәrar vermiş oluruq. Çünki tәbiәtin cәlbetmә qanunu bizi seçdiyimiz istәyimizә doğru çәkib aparır. Lakin burada әsas mәsәlә ondadır ki, әsl istәklәrimizi düzgün müәyyәn etmәliyik ki, ona çatdıqda mәmnun olaq vә özümüzü xoşbәxt hiss edәk!!!
 Burada uğurun açarı – insanın nә istәdiyini dәqiq bilmәsinә nail olması vә onu tәsәvvüründә formalaşdıraraq düşüncәlәrini öz arzusuna yönәltmәsindәdir.
Addım 3. Nә etmәli olduğumuzu müәyyәn edәk:
 Nә etmәk istәdiyimizi biliriksә, faktiki vәziyyәtimizdә, real şәraitә uyğun olaraq ona nail olmaq üçün nә etmәli olduğumuzu müәyyәn etmәliyik. İstәklәr müxtәlifdir, mәs: Mәn istәyirәm ki, prezident olum, yaxud, mәn istәyirәm ki, var-dövlәtli insan olum; mәn istәyirәm ki, sadә bir ailәm olsun vә onunla xoşbәxt yaşayım vә s. Necә istәk olmasından asılı olmayaraq ona çatmağın prinsipi eynidir: istәyimizә nail olmaq üçün lazım olan şәrtlәri müәyyәn etmәliyik. Bunu özümüzü vә vәziyyәtimizi kompleks tәhlil etmәk yolu ilә edә bilәrik. Sonra hәmin tәhlilin nәticәlәri әsasında qәrarlar qәbul etmәk lazım olacaq (özünü tәhlil üsulları barәdә elmi әdәbiyyatlarda, habelә internet resurslarında da kifayәt qәdәr mәlumat vardır).
Növbәti bölmәyә keçmәzdәn әvvәl özünüzü tәhlil edin vә nәticәlәri yazın. Әgәr tәhlil  nәticәsindә qarşınızda duran işlәrin “ağırlığı” sizin istәyinizә nail olmaq istәyindәn daha çoxdursa, öz istәyinizdәn әl çәkmәyiniz mәslәhәtdir. Bu halda özünüzә yeni istәk müәyyәn edin. Әgәr fәrqli düşünürsünüzsә, öz әsl istәyinizi konkretlәşdirin vә әsaslandırılmış şәkildә ifadә edin. Mәs: Mәn Prezident olmasam da olar, amma xalqıma faydalı ola bilәcәk bir güclü şәxsiyyәt kimi yetişmәk istәyirәm vә yaxud, mәn çox var-dövlәtli adam olmasam da olar, amma, ailәmi rahat dolandıra bilәcәk, övdalarıma yaxşı tәhsil verә biәcәk, ev-eşik sahibi edә bilәcәk bir gücdә insan olmaq istәyirәm.  Yaxud әskinә, “mәn mütlәq prezident olmalıyam”, yaxud “mәn milloner olmalıyam” kimi istәk dә formalaşdıra bilәrik. Hәr iki halda bizim istәklәrimiz daha aydın, daha konkret,  daha qәti olmalıdır.
Bundan sonra bizim nә etmәli olduğumuzu müәyyәn etmәk asan olacaq. Nә etmәli olduğumuz şey –  istәyimizdәn yaranan vә ona çatmaq üçün bәzәn etmәk istәmәsәk dә belә etmәli  olduğumuz şeylәrdir. Onları qәbul etmәk vә etmәyi istәmәk lazımdır.  Mәs: gәnc aktrisa deyir: “Mәn Hollivud ulduzu olmaq istәyirәm, amma açıq-saçıq sәhnәlәrdә kinofilmә çәkilmәk, yaxud mәnә sponsorluq etmәk  istәyәcәk varlı adamlarla intim münasibәtdә olmaq istәmirәm!”
 Nә etmәli olduğunu müәyyәn  edәn anda nail olmaq istәdiyin istәyә çatmaq üçün etmәli olduğun hәrәkәtlәri dә etmәyi istәmәk vacib şәrtdir. Ümumiyyәtlә, istәmәdәn heç nә edilmәmәlidir.    Әn azından istәmәdiyimiz şeyi etmәk mәcburiyyәtindә qaldıdda hәmin şeyi etmәyә qәrar vermәliyik. Elә isә qәrar verin. Yaxud istәyinizdәn birdәfәlik әl çәkin. Etmәli olduğunuz şeylәri istәmәdәn etmәyin. Onları da istәyә bilsәniz, müvәffәqiyyәtә gedәn yolunuzun daha bir qapısını açmış olacasınız.
 Burada uğurun açarı – istәklәrimizә çatmaq üçün obyektiv zәrurәtin tәlәblәrini qәbul edәrәk, onları da öz istәklәrimizә daxil etmәk bacarığına yiyәlәnmәkdәdir.
Addım 4. Necә hәrәkәt etmәk tәlәb olunduğunu öyrәnәk:
 İstәklәrimizә nail olmaq üçün üsul vә vasitәlәr çoxdur. Hәr bir әlverişsiz şәraitdә belә dәyәrlәndirә bilәcәyimiz fürsәtlәr vardır. Bәzәn biz hәtta hәmin fürsәtlәri dә qabaqcadan planlaşdıra bilәrik. Mәs: Mәn universiteti bitimişәm, bütün fәnlәri yaxşı vә әla qiymәtlәrlә oxumuşam, diplom almışam, ixtisasıma uyğun işә girmәk istәyirәm. Amma maddi vәziyyәtim ağırdır, kәnddә böyümüşәm, şәhәr mühitindә özümü narahat hiss edirәm. Bir tәrәfdәn dә, qohumlarım yoxdur, yaxud imkansızdırlar. Mәni istәdiyim işә düzәlmәyә kömәk edәn adamım da yoxdur. Bir sözlә, mәni irәli çәkәcәk bir dayağım da yoxdur.
Bu halda hәmin adamın birdәn-birә istәdiyi ixtisasa uyğun işә qәbul olunma fürsәti azdır. Lakin onun sıravi fәhlә kimi hәr hansı bir şirkәtә işә düzәlib, orada öz üstün qabiliyyәtlәrini nümayiş etdirmәklә fәhlәlәr arasında dah tez fәrqlәnmәyә vә irәli çәkilәrәk, qısa müddәtdә arzuladığı vәzifәyә tәyin olunmağa daha çox fürsәti olduğu aydındır.
Demәli, belә düşünә bilәn işsiz mәzun nәinki, öz fürsәtini görmәyә, hәtta bir müddәt çәkәcәyi fiziki zәhmәt müqabilindә öz mәqsәdinә nail olmaq üçün ona yolu açıq olan fürsәtini dәyәrlәndirә bilәr.
Fürsәtlәr vә yollar hәmişә vardır vә olacaqdır. Sadәcә onları dәrk etmәk lazımdır. Daha bir misal: ömürlük mәhkum olunmuş insanın hәbsxanada çoxlu kitab oxuyaraq öz intellektual qabiliyyәtini yüksәltmәk vә elә bir әsәr yaratmaq fürsәti vardır ki, hәmin әsәrdә yazılanların tәsirindәn onun ömürlük mәhkumluğu mәsәlәsinә yenidәn baxılması gündәmә gәlsin vә bir xoşbәxt gündә o azadlığa buraxılsın. Әn pis halda onun yaratdığı әsәrin mәnәvi qidasından faydalanan xalq onu qәlbindә yaşada bilәr. O, da bunu dәrk etdiyindәn hәbsxana yaşasa belә, özünü xoşbәxt hiss edә bilәr.
Müvәffәqiyyәtә gedәn yolda elә hәrәkәt etmәk lazmdır ki, hәmin hәrәkәtlәr bizi müәvәffәqiyyәtә aparsın (yolu azmamaq üçün mayakımız da artıq әlimizdәdir. Bu – Azәrbaycanda ilk dәfә doğma dilimizdә nәşr olunan “Müvәffәqiyyәtin sirlәri” vә “Müvәffәqiyyәtә gedәn yol” kitablarıdır.
Gәnc ziyalı Ә.Әliyevin “Müvәffәqiyyәtә gedәn yol” kitabında da insanların müәvәffәqiyyәt qazanmaları üçün әsas prinsiplәr çox gözәl şәkildә  tәsvir edilib. Onlarla olduğu kimi (vә qısa izahatlarla) tanış olaq:
  1. Özünü kәşf etmәk (öz hәqiqi imkanlarımızı qiymәtlәndirmәk);
  2. Xәyal qurmaq (istәklәrimizi xәyalımızda yaratmaq vә onları yaşamaq);
  3. Hәdәf müәyyәnlәşdirmәk (özümüzә konkret mәqsәdlәr seçmәk);
  4. İnanmaq vә әzmlә çalışmaq (mәqsәdimizә çatacağımıza inanmaq vә ona doğru davamlı şәkildә hәrәkәt etmәk);
  5. Әngәllәrlә mübarizә (inadkarcasına hәrәkәt edәrәk qarşımıza çıxan maneәlәri aşmaq);
  6. Gözәl görmәk (hәr şeyә müsbәt tәrәfdәn yanaşmaq vә optimist olmaq);
  7. Fürsәtlәri qiymәtlәndirmәk (mövcud olan şanslarımızdan istifadә etmәk);
  8. Zamanı qiymәtlәndirmәk (“vaxt pul deyil, vaxt bizim özümüzük, hәyatımızın davamiyyәtidir”, – deyib ona daim dәyәr vermәk);
  9. İnsanlarla uğurlu münasibәt qurmaq (insanlar arasında onları uğura aparan tәbii (yaradılışın) qayda-qanunlarına riayәt etmәk);
  10. İşi bitirmәk (qoyulmuş mәqsәdә doğru fәaliyyәtimizi ona nail olanadәk davam etdirmәk).
Burada uğurun açarı – müvәffәqiyyәtә nail olmaq yolunun bütün xüsusiyyәtlәrini  öyrәnib, yolu “azmadan” son mәnzilәdәk getmәyin şәrtlәrini öyrәnmәyimizdәdir.
 Addım 5. Strategiya quraq:
“Strategiya” sözündәn qorxmaq vә hansısa ixtisaslı bilik tәlәb edәn ağır bir prosesә girişmәk tәlәb olunduğunu düşünmәyәk.  Strategiya – gәlәcәk (adәtәn uzunmüddәtli) mәqsәdlәrimizә çatmaq üçün müәyyәn etdiyimiz yolu necә gedәcәyimizi daha konkret formada müәyyәn etmәyimizdir.
İnsanın strategiyası qarşısına qoyduğu konkret mәqsәdi vә hәmin mәqsәdә çatmaq üçün konkret vәzifәlәrini müәyyәn etmәsi ilә başlayır. Tutaq ki, onun mәqsәdi – 5 ildәn sonra deputat olmaqdır.
İnsan faktiki vәziyyәtinә  baxmayaraq belә mәqsәd qoymağa özündә güc tapırsa özündә inam yaradır. Bununla onun o, qarşısındakı maneәlәrini daxilәn aşmış olur. O, artıq deputatlığa iddialıdır vә özünü böyük vә imkanlı admalarla müqayisә edir. Onun mәqsәdi barәdә eşidәnlәr onu әlә salaraq: “Sәn xәyalpәrәst axmaqsan, ayağını yorğanına görә uzat” vә s. tәhqiramiz sözlәr deyәrәk ona münasibәtlәrini vә mәslәhәtlәrini bildirirlәr (әslindә özlәrinin onun kimi özünә dәyәr vermәk cәsarәtinә qısqanclıqlarını ifadә edirlәr).
Burada  bir haşiyәyә çıxaq. Tәbiәtin “cәlb etmә qanunu”na görә insan istәdiyi şeyi cәlb edir vә ona nail olur. Nail olduqlarımız hәr bir şey әslindә bizim istәdiklәrimizdir. Özünün deputat olmaq iddiasını başqalarına söylәmәklә İddialı Gәnc özü dә bilmәdәn onlar tәrәfindәn tәnqid olunaraq әvәzindә özündә daha çox güc tapmaq istәdiyini ifadә etmiş olur. Vә adamlar onu hәvәsdәn salan sözlәr dedikcә, onların hansı fikir söylәmәlәrindәn asılı olmayaraq, onun deputat olması barәdә mövzuda danışdıqlarından, әslindә, onu daha da ruhlandırmış olurlar. Vә özünә inamını qoruyub saxlaya bilәrәk İddialı Gәnc ürәyindә daha qәtiyyәlә deyir: “Bәli, mәn deputata olacağam, baxarsınız!!!” Bu qәtiyyәt ona qarşısında duran aşağıdakı vәzifәlәri müәyyәnlәşdirmәyә kömәk edir:
O bilir ki, millәt vәkili olmaq üçün o, hәmin sәviyyәyә layiq olmalıdır. Lakin onu bu sәviyyәyә çatdıracaq heç bir kәnar qüvvә yoxdur. O, özü nә isә etmәlidir. Belәliklә, özünün ilk vәzifәsini müәyyәn edir – özümü tәlәb olunan sәviyyәdә yetişdirmәk.
            Gәncә mәlum olur ki, millәt vәkilinә qarşı qoyulan tәlәblәrә yiyәlәnmәklә onu hәmin vәzifәyә nәinki tәyin etmәyәcәklәr, heç yaxın da buraxmayacaqlar. Buradan da onun ikinci vәzifәsi aydınlaşır – mәn deputat seçilmәliyәm. Növbәti mәrhәlәdә onun seçilmәsi üzrә tәlәb olunan geniş tәşkilatçılıq işlәrini vә xalqın sәsini (yaxud hakimiyyәtin etimadını) qazanmağa nail olmasının zәruri şәrt olduğunu özü-özünә aydınlaşdırır vә 3-cü vәzifәsini formalaşdırır – Mәn uğurlu seçki kompaniyası keçirmәliyәm.
Bәli, İddialı Gәnc artıq hәdәfini vә nә etmәk istәdiklәrini müәyyәn edib. Onu  әlindә tüfәngini  uşan quşa yönәldib nişan alan ovçunun vәziyyyәti ilә müqayisә etmәk olar. Hazırda ona öz adı vә soyadı yaraşmır vә onu sıxmağa başlayır. Çünki o, öz deputat xәyalı barәdә düşündükcә, özünü daha böyük görmәyә başlayır, әtrafındakılar isә onu әvvәlki adını deyәrәk çağırmaqda davam edirlәr. Bәli artıq onu müvәffәqityyәtә doğru dartan yeni ad lazımdır. O, bu adı tapır vә daxilindә özünә yeni ad verir – Mәn “Cәnab  Deputat”am.
İndi “Cәnab Deputat”a deyilәn hәr hansı söz vә fikirlәr onun şәxsiyyәtinә toxunmur. Çünki bildirilәn fikirlәr onun köhnә vә zahirәn görünәn obrazına ünvanlanır. “Cәnab Deputat” isә toxunulmaz qalır vә öz “iş”indәdir.
İndi “Cәnab”a öz proqramını hazırlamaq lazımdır. O, artıq heç bir çәtinlik çәkmәdәn müәyyәn etdiyi 3 vәzifәsinә uyğun olaraq öz 5 illik proqramını tәrtib edir vә aşağıdakı bәndlәrdә konkretlәşdirir:
 Proqram 1. Özümü tәlәb olunan sәviyyәdә yetişdirmәk:
1.1.  Özümü kompleks tәhlil etmәk;
1.2.  Zәif vә güclü cәhәtlәrimi siyahılaşdırmaq;
1.3.  Şәxsi çatışmazlıqlarım üzәrindә planlar qurmaq;
1.4.  Planları hәyata keçirmәk.
 Proqram 2. Hakimiyyәt tәrәfindәn seçilmәk:
2.1. Potensial rәqiblәrimi öyrәnmәk;
2.2. Rәqiblәrimdәn üstün vә zәif xüsusiyyәtlәrimi siyahılaşdırmaq;
2.3. Özümü әn real namizәd kimi әsaslandırılmış şәkildә hakimiyyәtә tәqdim etmәk;
2.4. Hakimiyyәt tәrәfindәn seçilmәyimә nail olmaq.
 Proqram 3. Seçki kompaniyası keçirmәk:
3.1. Seçki kompaniyasının keçirilmә qaydalarını öyrәnmәk;
3.2. Seçki kompaniyasını tәşkil etmәk;
3.3. Seçki kompaniyasını keçirmәk.
 Göründüyü kimi “Cәnab Deputat”ın mәqsәdi, vәzifәlәri vә proqramı hazırdır. Onun strategiyasının növbәti mәrhәlәsi hәr bir proqram tәdbiri üzrә görәcәyi işlәri planlaşdırmasıdır.
İddialı Gәnc öz-özünә deyir: tәhlil nәticәsindә qarşımda düşündüyümdәn daha böyük işlәrin durduğu mәlum oldu. Çatışmazlıqlarımı aradan qaldırmaq vә hәmin işlәri görmәk üçün xüsusi tәdbirlәr planına ehtiyacım var. Onu tәrtib edib davamlı vә intensiv şәkildә yerinә yetirilmәsi ilә mәşğul olacağam.
Belәkliklә, o, millәt vәkili olmaq üçün hәr bir mәnfi xüsusiyyәtinә vә çatışmazlıqlarına qarşı hansı tәdbiri görәcәyini müәyyәn etmәyә başlayır vә böyük hәcmli, lakin çox konkret işlәrdәn ibarәt olan bir Tәdbirlәr Planı hazırlayır
 Onun strategiyasınun qurulması burada başa çatır. Eyni qayda ilә o, öz proqramının bütün böndlәri üzrә planlar qurur.
Bu misalla insanın öz qarşısına qoyduğu mәqsәdә görә necә strategiya qurması qaydasını izah etmәyә çalışdıq. Bunu hәr bir kәs edә bilәr. Strategiyanızı qurun. Bu işi başa çatdırmadan növbәti bölümә keçmәyin!!!
 Sizә uzun zaman tәlәb oluna bilәr. Burada tәlәsmәk olmaz! Sәbrlә vә ağılla öz strategiyanızı formalaşdırın. Ola bilsin ki, işin ağırlığını düşünüb özünüzü yarı yolda qoyasınız. Әgәr belә etsәniz, buna sәbәb işin ağırlığı yox, sizin belә düşünmәyiniz olacaq vә itirәn dә siz olacaqsınız. Özünüzә inamınızı hәr an qoruyun. Bu çox vacib şәrtdir.
 Burada uğurun açarı – tәcrübәdә özünü doğrulmuş strategiya qurmaq qaydalarına uyğun olaraq edәcәklәrimizi tam tәfsilatı ilә müәyyәn etmәyimiz vә fikirlәrimizi reallaşdırmaq üçün hazır olmağımızdır.
 Addım 6. Strategiyamızı reallaşdıraq.
Nәdәn başlamalı?
 Әvvәlcә Strategiyamızı diqqәtlә oxuyuruq vә hәrәkәtә keçmәzdәn әvvәl hansısa dәyişikliklәrin aparılmalı olduğunu düşünürüksә, onları tәhlil edirik. Qәrar qәbul etdikdәn sonra ya dәşişikliklәri edirik, ya da etmirik.
 İndi isә, tәdbirlәrin hazırki zamanımıza uyğun gәlәn vә hәyata keçirilmәsi mümkün olan işlәri bir-bir etmәyә başlayırıq. Mәs: dostlarımıza qarşı etdiyimiz sәhvlәri onlara etiraf edirik, sәhvlәrimizi tәkrarlamamaq üçün özümüzü nәzarәtdә saxlayırıq, bizi geri salan vә uğurumuza mane olan vәrdişlәrimizi tәrgidirik,  ingilis dilini tәkmillәşdirmәk üçün kursa yazılırıq, siyasi xәbәrlәri izlәmәyә başlayırıq, öz işimizdәn әlavә olaraq 5 ildәn sonra seçilmәk istәdiyimiz bölgәnin problemlәrinin öyrәnilmәsinә vaxt ayırmağa başlayırıq, mәqsәdimizә doğru aparan yola aid omayan mәşğuliyyәtlәrimizdәn әl çәkirik, günümüzü elә bölürük ki, mәqsәdimizlә bağlı hәr gün hәr hansı bir iş görmәyә nail ola bilәk vә s. müxәtlif istiqamәtli, konkret işlәr görürük.
 Belәcә, strategiyamızı reallaşdırırıq. Bu yolda sәhv etmәmәk üçün vaxtaşırı qurduğumuz strategiyaya vә әvvәlki 5 addıma nәzәr salmalı vә qoyulmuş qaydalardan kәnara çaıxmamalıyıq!

0 Şәrh

Şәrh әlavә etmәk üçün sistemә daxil olmalısınız.

Scroll to Top